Azərbaycan Texnologiya Universitetində (UTECA) Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti ilə canlı telekörpü yaradılıb. İkili diplom əlaqələri çərçivəsində nəzərdə tutulan onlayn görüş məhsuldar olub. Belə ki, logistika, dizayn və nəqliyyatda daşınmalar ixtisasının tələbələrinin təqdim etdikləri layihələr tərəfdaş universitetin mütəxəssislərinin marağına səbəb olub. Nijniy Novqorod Dövlət Texniki Universitetinin nümayəndəsi Aleksandr Kulagin UTECA tələbələrinin 2 nəfərlik elektrik avtomobilinin əsaslandırılmış təqdimatının real nəticələr verəcəyini deyib, layihənin tezlilklə həyata keçirilməsi üçün detallı məsləhətlər verib.Növbəti görüşdə Rusiya universitetinin tələbələri yeni ideyalarını təqdim edəcəklər. Diskusiya zamanı telekörpünün tez-tez təşkil edilməsinin və növbəti dəfə auditoriyanın daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb.Qeyd edək ki, UTECA ilə Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti arasında mart ayında nəqliyyatda daşımalar və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb.Sənədə əsasən həmin ixtisasa bu il qəbul olacaq tələbələr təhsil alacaqları müddətin yarısını Azərbaycan Texnologiya Universitetində, digər hissəsini isə Nijniy Novqorod Dövlət Texniki Universitetində keçəcəklər. Sonda tələbə hər iki universitetin diplomunu əldə edəcək.