Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Mentor Klubunun növbəti inkişafyönümlü təlim sessiyası reallaşdırılıb.

Təlim Səkinə Xanbutayeva tərəfindən aparılıb. ATU-nun Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin tələbəsi olan mentor şəxsi inkişaf və psixoloji bacarıqlar istiqamətində əldə etdiyi bilikləri iştirakçılarla bölüşüb, mövzuya fərqli yanaşmalar təqdim edib.

“Emosional zəka” mövzusuna həsr olunan təlimdə duyğuların idarə olunması, empati qurma bacarığı və sosial münasibətlərdə düzgün davranış modelləri barədə məlumat verilib. İştirakçılar emosional zəkanın həm gündəlik həyatda, həm də gələcək karyerada əhəmiyyəti ilə bağlı praktiki nümunələr əsasında maarifləndirilib.

Təlim dinamik müzakirələr və interaktiv tapşırıqlarla müşayiət olunub, tələbələr öz emosional reaksiyalarını daha yaxşı anlamaq və idarə etmək üçün faydalı biliklər əldə ediblər.