Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Mentor Klubunun növbəti təlimi təşkil olunub.

Təlimin mentoru Gəncə Regional Debat Mərkəzinin sədri Rauf Əliyev olub. O, debat mədəniyyəti və effektiv ünsiyyət sahəsindəki təcrübəsini tələbələrlə bölüşüb.

Təlim zamanı iştirakçılara arqumentlərin düzgün qurulması, tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və fikir mübadiləsinin səmərəli təşkili yolları izah edilib. Mentor, debatın yalnız yarış deyil, eyni zamanda düşünmə və özünü ifadə etmə bacarığını gücləndirən mühüm alət olduğunu vurğulayıb.

Görüş interaktiv formada təşkil olunub, iştirakçılar praktiki məşğələlər vasitəsilə debat prosesində aktiv rol alaraq öz bacarıqlarını sınamaq imkanı əldə ediblər.