Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Mentor Klubunun növbəti görüşü keçirilib.
Bu dəfə təlim universitetin tələbəsi Nazim Hüseynov tərəfindən təqdim olunub. Gənc təlimçi media sahəsinə maraq göstərən iştirakçılarla öz bilik və baxışlarını bölüşüb.
“Sosial məsuliyyət kontekstində media savadlılığı” mövzusuna həsr edilən təlimdə informasiya mühitində düzgün istiqamətlənmə, dezinformasiyanın tanınması və medianın cəmiyyət qarşısındakı məsuliyyəti kimi məsələlər müzakirə olunub. İştirakçılara məlumatların yoxlanılması, etibarlı mənbələrin seçilməsi və sosial şəbəkələrdə məsuliyyətli davranış prinsipləri barədə praktiki tövsiyələr verilib.
Təlim interaktiv müzakirələr və real nümunələr əsasında qurulub, tələbələrin aktiv iştirakı ilə yadda qalan bir görüşə çevrilib.