Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının Mentor Klubu çərçivəsində daha bir maarifləndirici təlim keçirilib.
Təlimin mentoru Dizayn kafedrasının müəllimi, universitetdə “İlin müəllimi” nominasiyasının qalibi Mobil Qarayev olub. O, yaradıcı yanaşma və fərdi inkişaf sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüb.
“Özünü kəşf etmək, təhlil etmək və yaratmaq” mövzusuna həsr olunan təlimdə tələbələrə fərdi potensialın üzə çıxarılması, daxili imkanların dəyərləndirilməsi və ideyaların reallaşdırılması yolları izah edilib. Mentor çıxışında özünü tanımanın şəxsi və peşəkar inkişafda oynadığı rolu vurğulayıb, yaradıcı düşüncə tərzinin formalaşdırılması üçün praktiki yanaşmalar təqdim edib.
Təlim boyu iştirakçılar müxtəlif tapşırıqlar vasitəsilə öz bacarıqlarını analiz etmək imkanı əldə edib, interaktiv müzakirələr isə görüşün daha məhsuldar keçməsinə şərait yaradıb.