Azərbaycan Texnologiya Universitetində (ATU) Məzunlar Assosiasiyası yaradılıb. Bu barədə Elmi Şuranın bu gün keçirilən iclasında qəbul edilib. Yeni yaradılan Assosiasiyanın əsas məqsədi universitet məzunları arasında əlaqələrin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və ali təhsil müəssisəsi ilə məzunlar arasında davamlı əməkdaşlığın qurulmasıdır.

Assosiasiya vasitəsilə məzunlarının fəaliyyəti, yerli və qlobal uğurları barədə məlumatların sistemləşdirilməsi, məzunların təcrübəsindən faydalanmaq, onların karyera uğurlarını tələbələrlə bölüşmək, eləcə də universitetin inkişafına töhfə verən birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.