Azərbaycan Texnologiya Universitetində (ATU) “Startapçı tələbə” təqaüdü təsis olunub. Müvafiq qərar universitetin Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Yeni təqaüd proqramı universitetdə innovasiya mühitinin inkişafına və tələbələrin real bacarıqlarının dəstəklənməsinə yönəlib. Proqram çərçivəsində yalnız akademik göstəriciləri yüksək olan deyil, eyni zamanda ideya yaradan, layihə hazırlayan və təşəbbüskar tələbələr də təqaüd uğrunda mübarizə apara biləcəklər.

Təşəbbüsün əsas məqsədi nəzəri biliklərlə yanaşı innovativ bacarıqları ön plana çıxarmaq, sənaye ilə əməkdaşlığı gücləndirmək və tələbələrin praktiki fəaliyyətə hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə İnnovasiya Mərkəzi çərçivəsində tələbə ideyalarının layihəyə, layihələrin isə gələcəkdə məhsul və startaplara çevrilməsi üçün inkubasiya mühitinin formalaşdırılması nəzərdə tutulur.

Seçim zamanı əsas diqqət tələbələrin real bacarıqlarına, layihə təcrübəsinə və innovativ fəaliyyətinə yönəldiləcək. Xüsusilə istifadəçi bazası olan tətbiqlər hazırlayan və ya texnoloji layihələr üzərində çalışan tələbələrə üstünlük veriləcək.