Azərbaycan Texnologiya Universitetində (ATU) əməkdaşlar üçün Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib. Universitetin rektoru Yaşar Ömərov çıxış edərək kollektivi mübarək Ramazan ayı münasibətilə təbrik edib, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. Rektor xalqımıza firavanlıq, ölkəmizə isə sülh və əmin-amanlıq diləyib.
Tədbirdə iştirak edən “İmamzadə” ziyarətgah kompleksinin imamı İlham Abbasov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxış edərək Ramazan ayının cəmiyyətimizdə həmrəylik, mərhəmət və humanizm kimi ali dəyərlərin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Azərbaycan Texnologiya Universiteti Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan iftar süfrəsində iştirakçılar birlik və bərəkət arzuları ilə dualar edib, Ramazan ayının mənəvi dəyərləri haqqında fikir mübadiləsi aparıblar.