Azərbaycan Texnologiya Universitetində (ATU) 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbirdə sosial məsələlər və ictimai əlaqələr üzrə prorektor Şahmar Həsənov, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf Mühitin Mühafizəsi kafedrasının müdiri, professor Elşad Məmmədov, kafedranın əməkdaşları – dosentlər İrşad Abbasov, Samir Mahmudov və baş müəllim Fikrət Əmiraslanov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarına əsasən, 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.
Qeyd edilib ki, hər il mülki müdafiə sahəsində beynəlxalq seminarlar və toplantılar keçirilir, mülki müdafiə qüvvə və texnikalarının sərgiləri təşkil olunur. Bu tədbirlərin əsas məqsədi əhalinin diqqətini fövqəladə hallar zamanı düzgün davranış qaydalarına yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə bacarıqlarını artırmaq, nəzəri və praktik bilikləri təkmilləşdirməkdir.
Natiqlər mülki müdafiə qaydaları barədə ətraflı məlumat verərək universitetdə mülki müdafiə qərargahının fəaliyyət göstərdiyini, eyni zamanda bu sahənin tədris prosesində xüsusi yer tutduğunu vurğulayıblar.