Azərbaycan Texnologiya Universitetində (ATU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım proqramı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın timsalında Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ərsəyə gəlmiş “Əsirlikdə 8 gün” bədii filmi nümayiş etdirilib. Filmdə Xocalı soyqırımının şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin timsalında faciənin ağrı-acısı əks olunub.
Film nümayişindən sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək Xocalı faciəsinin miqyası və tarixi nəticələri barədə danışıb. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı, o cümlədən Xocalını azad edərək şəhidlərimizin qisasını alıb. Bildirilib ki, xalqımızın qan yaddaşı heç vaxt silinməyəcək və Xocalı həqiqətləri gələcək nəsillərə çatdırılacaq.
Tədbirin sonunda II kurs tələbəsi Xədicə Qurbanlı Xocalı faciəsinə həsr olunmuş N. Məhərrəmlinin “Mənim adım uşaqdır” şeirini səsləndirib.