Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov 2 Fevral – Gənclər Günü münasibətilə fəal gənclərlə görüşüb.
Görüşdə prorektorlar, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, İnnovasiya Mərkəzinin, Bədii Yaradıcılıq Mərkəzinin, Dizayn Klubunun və İdman Klubunun rəhbərləri və fəal üzvləri, eləcə də təhsildə yüksək göstəriciləri ilə fərqlənən tələbələr iştirak ediblər.
Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov Azərbaycanda uğurlu gənclər siyasətinin əsasının 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Rektor qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin ən böyük nailiyyətlərindən biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Yaşar Ömərov gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Sonda tədbirdə iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunub.