Ölkəmizdə gənclər siyasəti müstəqillik dövrünün ən mühüm və əhəmiyyətli istiqamətlərindən biridir. Gənc nəslin müasir dünyagörüşlü, intellektual potensiala malik, dövlətçiliyinə sadiq və bütün bunlarla yanaşı milli-mənəvi dəyərlərini yaşadan vətəndaşlar kimi yetişməsi bu siyasətin əsas məqsədini təşkil edir.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu dövrdə gənclərin sosial problemlərinin həlli, təhsil imkanlarının genişləndirilməsi və onların cəmiyyətdə fəal iştirakına şərait yaradıldı. Onun siyasəti nəticəsində gənclər milli düşüncəyə, vətənpərvərlik hissinə və ana dilinə bağlı ruhda formalaşmışdır. Ulu Öndər hesab edirdi ki, dövlətçiliyin davamlı, müstəqilliyin möhkəm olması yüksək səviyyəli gənc kadrların yetişdirilməsindən çox asılıdır. Ümummilli Liderin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər Siyasəti Haqqında Qanun qəbul edildi, eləcə də bu qəbildən bir sıra kompleks tədbirlər həyata keçirildi.
2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu gənclərimizin həyatında, onların gələcək fəaliyyətlərinin məqsədyönlü şəkildə istiqamətləndirilməsində dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Çünki, məhz elə bu forumda onların təhsil imkanları, məşğulluq məsələləri kimi sosial problemləri ortaya qoyulmuş, bu sahədə dövlətin onlara göstərə biləcəyi dəstək müzakirə edilmişdir. Sözügedən forum gənclərə öz fikirlərini çatdırmaq və dövlət siyasətində iştirak etmək imkanı verən mühüm ictimai-siyasi meydan funksiyasını yerinə yetirmişdir.
1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərmana əsasən gənclərin dövlət həyatında və siyasətində oynayacağı rolun əhəmiyyətinin rəsmi şəkildə tanınmasının göstəricisi olaraq 2 fevral Gənclər Günü kimi təsis edildi. Hamıya məlumdur ki, Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edirdi. Gənclərin düzgün tərbiyəsinin dövlətin inkişafı üçün strateji əhəmiyyətini belə vurğulayırdı: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq”.
Bu gün ölkəmizdə gənclər siyasəti Ulu Öndər tərəfindən müəyyən edilən strateji xəttin davamı olaraq Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə əsaslanan Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə Gənclər Siyasətinin əsasında təhsil və elm, məşğulluq və iqtisadi inkişaf, mədəniyyət və idman, o cümlədən ictimai-siyasi fəallıq dayanır. Xaricdə təhsil imkanları, dövlət təqaüdləri və mübadilə proqramları gənclərin intellektual inkişafına xidmət edir. Gənclərin sahibkarlıq təşəbbüsləri dövlət tərəfindən stimullaşdırılır, innovasiya mərkəzləri yaradılır, onların işlə təmin olunması üçün xüsusi proqramlar həyata keçirilir, peşə hazırlığı kursları təşkil olunur. Azərbaycanı layiqincə təmsil edən gənc idmançıların iştirak etdiyi beynəlxalq yarışlar, təşkil edilən festivallar, müsabiqə və layihələr həm gənclərin yaradıcılıq potensialını ortaya qoyur, həm də uğurlarımızın göstəricisi olaraq bizi qürurlandırır.
Prezident İlham Əliyev gənclər siyasətinə dair çıxışlarında müasir Azərbaycan gəncliyinin dövlətin bu günü və gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Bu fikirlərlə cənab Ali Baş Komandan gənclərin yalnız fərdi inkişafı deyil, həm də dövlətin möhkəmlənməsi və davamlı inkişafı üçün mühüm rol oynadığını ön plana çəkir. Onun yanaşmasına görə, gənclər geniş imkanlardan istifadə etməklə öz həyatlarını düzgün istiqamətləndirməli, eyni zamanda dövlətə fayda vermək üçün sosial və ictimai proseslərdə fəal iştirak etməlidirlər.
Müasir gənclik ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir. Təkcə bunu demək kifayətdir ki, Qarabağ zəfəri gənclərin dövlətçilik uğrunda fədakarlığının bariz nümunəsi kimi tarixə düşmüşdür. Müharibənin gedişində gənclər ön cəbhədə döyüşərək torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş, arxa cəbhədə isə könüllü fəaliyyətləri, informasiya müharibəsində fəal iştirak etməkləri ilə öz töhfələrini vermişlər. Bu zəfər gənclərin milli kimliyə bağlılığını, dövlətçilik ideallarına sadiqliyini, ən əsası müasir nəsil olaraq gücünü – həm texnologiya, həm də intellektual sahədə müharibənin gedişinə verdiyi dəstəyi – aydın şəkildə nümayiş etdirmişdir. Bununla bütün dünyaya sübut olundu ki, gənclər təkcə bir dövrün qəhrəmanları deyil, həm də gələcəyi formalaşdıran aparıcı qüvvədir.
Azərbaycan gəncliyi dövlətin gələcəyinin təminatçısıdır. Bu baxımdan 2 Fevral – Azərbaycan Gənclər Günü yalnız bir bayram deyil, həm də dövlətin gənclərə verdiyi dəyərin rəmzidir və gənclərin milli-mənəvi dəyərlərə bağlılığını, dövlətin onlara göstərdiyi qayğını və inkişaf imkanlarını simvolizə edir. Bu günün mahiyyəti ondan ibarətdir ki, gənclər müstəqil Azərbaycanın gələcəyini formalaşdıran, onun gücünü və nüfuzunu artıran əsas strateji qüvvə kimi tarixdə və cəmiyyətdə öz yerini möhkəmləndirmişdir.
Azərbaycan Texnologiya Universiteti
İctimai elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Novruzova