Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şura Azərbaycan Texnologiya Universitetinə səfər edib. Səfərin əsas məqsədi qış imtahan sessiyasının keçirilməsi prosesinin monitorinqinin aparılması, şəffaflığın və obyektivliyin təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi olub.
Səfər çərçivəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, sədr müavini Pərvanə Məmmədova və katib Günay Əkbərova qış imtahan sessiyasının təşkili prosesi ilə tanış olublar. Şura üzvləri monitorlar vasitəsilə imtahanların gedişatını və cavabların yoxlanılması prosesini müşahidə ediblər.
Tədbir zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov tələbə məmnunluğunun təmin edilməsi, həmçinin universitetdə həyata keçirilən islahatlar, təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
İmtahan komissiyasının sədri, Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov imtahanların təşkili prosesini, imtahan zallarını və yoxlama otaqlarını İctimai Şura üzvlərinə monitor vasitəsilə ətraflı təqdim edib.
Elm və innovasiya məsələləri üzrə prorektor, Apellyasiya Komissiyasının sədri Sahil Həmidov isə apellyasiya müraciətlərinə dair statistik məlumatlar verib, müraciətlərin baxılma mexanizmi və qəbul edilən qərarlar barədə iştirakçıları məlumatlandırıb.
Səfər çərçivəsində ETN yanında İctimai Şura üzvlərinin universitetin böyük akt zalında müəllim və tələbə auditoriyası ilə geniş tərkibdə görüşü də baş tutub. Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, açıq dialoq şəraitində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda millət vəkili Ceyhun Məmmədovun “Gənclərə tövsiyələr” adlı kitabı tələbələrə təqdim olunub. Daha sonra müəllif “Gənclərə tövsiyələr” və “Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din.” adlı kitablarından 10 nüsxə universitet kitabxanasına hədiyyə edib.