Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov Universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrin yaradılması komissiyasının hesabatını məruzə edib.

Daha sonra strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqovun təqdimatı əsasında Strateji İnkişaf Planının 2026-cı il üzrə icra planı müzakirə olunaraq təsdiq edilib.

Həmçinin, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyevin və Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şahin Quliyevin hesabatları dinlənilib. Ardınca Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramov doktorantların və dissertantların attestasiyasının nəticələrini təqdim edib.

İclasda Elmi Katib Sevda Qurbanovanın təqdimatı ilə Elmi Şuranın yeni iş planı, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təklifi əsasında ştat cədvəlində dəyişiklik, hüquqşünas Müşfiq Məmmədovun məruzəsi ilə imtiyazlı tələbələrin təhsil haqları və digər məsələlər müzakirə edilərək müvafiq qərarlar verilib.

İclas çərçivəsində Kimya və metallurgiya kafedrasının dosentləri Əli Muradov, Vəli Budaqlı, Maşın mühəndisliyi və logistika kafedrasının baş müəllimi Yusif Hümbətov elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə yubileyləri münasibətilə təltif ediliblər.