Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun “Carlsberg Azerbaijan” şirkətinin nümayəndə heyəti ilə görüşü keçirilib.

ATU-da baş tutan görüşdə “Carlsberg Azerbaijan” şirkətini İnsan Resursları və Mədəniyyət Departamentinin direktoru Rüstəm Rojkov, 
Korporativ Ünsiyyətlər Departamentinin direktoru Lalə Əfəndi, işə qəbul və adaptasiya üzrə mütəxəssisi Təranə Hüseynbəyova və 
Korporativ Ünsiyyətlər Departamentinin böyük mütəxəssisi Leysan Babazadə təmsil edib.

Görüş zamanı sənaye yönümlü əməkdaşlıq imkanları, xüsusilə kadr hazırlığı, elmi-praktik tərəfdaşlıq, şirkət tərəfindən ixtisaslaşmış auditoriyanın qurulması, birgə layihələrin icrası və universitet–sənaye əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub. 

Müzakirələrin sonunda tərəflər gələcək əməkdaşlığın əsas istiqamətləri üzrə razılığa gəliblər.

Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə istehsalı və satışı ilə məşğul olan 179 illik tarixə malik beynəlxalq Carlsberg Group-un törəmə şirkətidir. Respublikada 2009-cu ildən fəaliyyətə başlayan “Carlsberg Azerbaijan” zavodunun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir.