Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. 2025-2026-cı tədris ilinin qış imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər, rəhbər heyət və dekanlar iştirak edib.
 
Elm və innovasiya məsələləri üzrə prorektor, Apellyasiya Komissiyasının sədri Sahil Həmidov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov dəyirmi masa ətrafında valideynlərə imtahan prosesi, nəticələrin yoxlanması barədə məlumat veriblər. Bildiriblər ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə otaqlarda müşahidə kameraları, korpuslarda təklif və şikayətlər qutusu yerləşdirilib, həmçinin operativliyi və çevikliyi təmin etmək üçün elektron müraciət vasitələri yaradılıb. 

Daha sonra İmtahan komissiyasının sədri, Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov monitor vasitəsilə real vaxt rejimində imtahan prosesini təqdim edib. İmtahanları canlı izləyən valideynlərə bildirib ki, 29 dekabr 2025-ci ildən başlayan imtahanlar test və yazılı qaydada qrafik üzrə həyata keçirilir, tələbəyə yazılı imtahanlarda 3 saat, test imtahanında isə 1 saat vaxt verilir, nəticələr xüsusi kodlaşdırma otağında yoxlanılır, Apellyasiya Komissiyasına daxil olan müraciətlərə baxılaraq obyektiv qərar verilir. 

Valideynlər neqativ halların qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsini yüksək qiymətləndirib, tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.