Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ali təhsil müəssisələri arasında minifutbol birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək komandalara uğurlar arzu ediblər.
Oyunlara Heydər Əliyev Park Kompleksində yerləşən AzFar futbol meydançası ev sahibliyi edib. Yarışda Azərbaycan Texnologiya Universitetinin (ATU), Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Dövlət Universitetinin (GDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) komandaları təmsil olunub.
Püşkatma ilə ilk oyunda ATU-ADAU (7:6) və GDU-MDU (5:1) qarşılaşması baş tutub.
Üçüncü yer uğrunda mübarizədə ADAU 5:1 hesabı ilə qalib gəlib.
Final oyununda ATU və GDU komandaları gərgin mübarizə aparıb və oyun GDU-nun qələbəsi ilə yekunlaşıb (4:1).
Beləliklə, ali təhsil müəssisələri arasında baş tutan minifutbol birinciliyində I yeri GDU, II yeri ATU, III yeri isə ADAU komandası tutub.
Qalib komandalar kubok və medallarla təltif edilib.