Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin 2025-ci il üzrə elmi-pedaqoji fəaliyyətinin yekun qiymətləndirilməsinin nəticələri açıqlanıb. Elmi Şuranın bu gün keçirilən iclasında ənənəvi olaraq “İlin alimi”, “İlin kafedrası” və “İlin fakültəsi” nominasiyaları üzrə qaliblər elan olunub.

Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidovun təqdim etdiyi hesabat əsasında “İlin alimi” nominasiyasına professor Əhəd Nəbiyev, “İlin kafedrası” nominasiyasına Qida mühəndisliyi və ekspertiza kafedrası, “İlin fakültəsi” nominasiyasına isə Qida mühəndisliyi fakültəsi layiq görülüb.

Mükafatlar universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov tərəfindən təqdim edilib. “İlin alimi” və “İlin kafedrası” nominasiyaları üzrə mükafatlar Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyevə, “İlin fakültəsi” nominasiyası isə Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılova təqdim olunub.

İclas çərçivəsində rektor Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülən əməkdaş Minurə Kərimovanı, eləcə də fəlsəfə doktoru elmi dərəcəsi verilən əməkdaşlar Razil Mirzəyev və Afaq Bağırzadəni təbrik edib.

Elmi Şuranın iclasında sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun, Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin və Tələbə Gənclər Təşkilatının sədri Həsən Hüseynovun hesabatları dinlənilib, həmçinin, 2026-cı ildə keçiriləcək elmi konfranslar və ştat cədvəlində dəyişikliklə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.