Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər Azərbaycan xalqının iradəsini ciddi sınağa çəkdi. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini ardıcıl şəkildə davam etdirdi.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan suverenliyini daha da möhkəmləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il aprelin 23-də Azərbaycan hakimiyyəti mühüm addım ataraq Laçın–Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu. Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları ərazilərimizdən çıxarıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qondarma rejim özünü buraxdığını elan etdi.

Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu Dövlət Bayrağını ucaltmaqla suverenliyimizin legitimliyini rəsmiləşdirdi. Bununla da hakimiyyətin aliliyi və nəzarət funksiyası respublikamızın bütün ərazisində tam bərpa edildi, inzibati-coğrafi vahidlərimiz bütövləşdirildi.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd olunması təsis edildi. Bu günün müəyyənləşdirilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlanan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizəmizin kulminasiyasıdır. 2025-ci ildə Azərbaycan xalqı bu əlamətdar günü ilk dəfə rəsmi şəkildə qeyd etdi. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, eyni zamanda milli kimliyimizin möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Konstitusiya və suverenlik anlayışlarının birgə vurğulanması Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində mövqelərinin daha da gücləndirilməsinə xidmət edir. Konstitusiya suverenliyin hüquqi əsasını təşkil edir, suverenlik isə Konstitusiyanın qoruduğu və təsbit etdiyi ali dəyərdir. Suverenlik dövlətin öz ərazisində müstəqil qərarlar qəbul etmək, daxili və xarici siyasətini sərbəst şəkildə müəyyənləşdirmək və digər dövlətlərin təsirindən azad olmaq hüququdur. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və bu tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 Zirəddin Cavadlı
Azərbaycan Texnologiya Universitetinin
“Texnoloq” qəzetinin redaktoru