ATU ilə “Qlobal Standart 1 Beynəlxalq Sistemlərin Təbliği” İctimai Birliyi ("GS1 Azerbaijan” İB) arasında mövcud əməkdaşlıq çərçivəsində universitetin Maşın mühəndisliyi və logistika kafedrasının əməkdaşları “GS1 sistemi. Avtomatik identifikasiya texnologiyası və onun tətbiqinin əsasları” adlı onlayn ixtisasartırma kursunda iştirak ediblər.

4 həftə ərzində, ümumilikdə 22 saat davam edən kursda kafedra əməkdaşları Həcər Hüseynzadə və Rizvan Şükürova qlobal əmtəə nömrələməsinin beynəlxalq idarə olunması, ştrixkodların növləri və istifadə qaydaları, məhsul və etiketlər üzərində yerləşdirilən kodlar barədə ətraflı məlumat verilib. Eyni zamanda məhsulların daşınmasında istifadə olunan fərdi aktivlər üçün GS1 identifikasiya açarları, pərakəndə satışda etiketləmə kodları, qida və turizm sektorlarında ştrixkodlaşdırma texnologiyasının tətbiqi məsələləri tədris olunub.

Dərslər nəzəri və praktiki formada keçirilib, mövzular videomaterialların nümayişi ilə izah edilib. Onlayn kurs “Qlobal Standart 1 Beynəlxalq Sistemlərin Təbliği” İctimai Birliyinin əməkdaşları Səbinə Əliyeva, Gülanə Rəsulova, Səfurə Şabanova, Səbinə Rəhimova və Fərid Abbasovun moderatorluğu ilə həyata keçirilib.

Kursun əsas məqsədi “GS1 sistemi. Avtomatik identifikasiya texnologiyası və onun tətbiqinin əsasları” adlı seçmə fənnin növbəti tədris ilindən etibarən ATU-nun müvafiq təhsil proqramlarına daxil edilməsidir. 

Qeyd edək ki, ATU ilə "GS1 Azerbaijan" bu ilin iyul ayından əmkdaşlıq edir, bu çərçivədə birgə “GS1 Beynəlxalq Sistemdə məhsulların və yüklərin avtomatik identifikasiyası” laboratoriyası yaradılıb.