Azərbaycan Texnologiya Universitetinin ekologiya ixtisası üzrə təhsil alan tələbələrinin bu həftə üzrə məşğələ dərsləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qərb Regional Hidrometeorologiya Mərkəzində təşkil edilib.
Məşğələ zamanı Ətraf mühitin mühafizəsi kafedrasının müəllimi Vilayət Həsənov tələbələri meteoroloji meydançada müşahidələrin təşkili, ölçü-cihaz avadanlıqlarının iş prinsipi, eləcə də müasir avtomat meteoroloji stansiyanın fəaliyyət qaydaları ilə əyani tanış edib. Daha sonra tələbələrə müşahidə otağında meteoroloji məlumatların toplanması, emalı, kodlaşdırılması və ötürülməsi prosesi barədə məlumat verilib.
Sonda Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktoru Əli Ağayev və mərkəzin əməkdaşları tələbələrə meteorologiya sahəsində görülən işlər barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, məşğələ dərslərinin müəssisələrdə təşkilində məqsəd tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsinə, peşəkar bacarıqlarının inkişafına və ixtisasları üzrə real iş prosesləri ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.