Dayanıqlı inkişafın təmin olunması hər bir müasir dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu prosesin uğurlu şəkildə həyata keçirilməsi isə yalnız iqtisadi göstəricilərlə deyil, həm də möhkəm dövlətçilik ənənələri ilə bağlıdır. Azərbaycan Respublikasında formalaşmış dövlətçilik ənənələri milli maraqların qorunması, hüquqi və demokratik dövlət quruculuğunun möhkəmləndirilməsi, ictimai həmrəyliyin gücləndirilməsi və müstəqilliyin dönməzliyinin təmin olunması kimi prinsiplərə əsaslanır. Məhz bu prinsiplər ölkənin sabit inkişafını, cəmiyyətin rifahını və gələcək nəsillərə ötürüləcək möhkəm təməllərin yaradılmasını təmin edir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasətində ümummilli dəyərlər, xalqın mənafeyi hər zaman üstün tutulmuş, dövlətin uzunmüddətli inkişafını təmin edən strateji xətt kimi qəbul olunmuşdur. Çünki, daha çox siyasi və hüquqi müstəvidə özünü göstərən dövlət maraqları cəmiyyətin bütövlükdə rifahını nəzərdə tutan ümumi mənafeləri əks etdirir. İnkişaf strategiyasını göstərən milli prioritetlər dövlətin və xalqın uzunmüddətli hədəflərini ifadə edən milli məqsədlərdir. Əgər milli maraqların qorunması dövlətin strateji müstəqilliyini və uzunmüddətli inkişafını təmin edirsə, ictimai həmrəylik sosial inteqrasiyanı və milli birliyi möhkəmləndirir. Bu gün dövlət idarəçiliyində özünü göstərən demokratik prinsiplər cəmiyyətin sosial sabitliyini gücləndirir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən və müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdıran Azərbaycan Respublikasının Konstitusiyası hüquqi, demokratik və dünyəvi dövlətin formalaşması üçün əsas qanuni baza yaratdı, dövlətçilik ənənələrinin hüquqi təminatını möhkəmləndirdi.
Dövlət idarəçiliyində insan mərkəzli yanaşmanı ifadə edən humanizm, insan hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas hüquqların təminatı, vətəndaşların sosial rifahının yüksəldilməsi, bərabərlik və ədalət prinsiplərinin həyata keçirilməsi ilə özünü göstərir. Prezident İlham Əliyevin siyasətində humanizm prinsipləri əsas ideoloji dayaqlardan biridir. Onun dövlət idarəçiliyində insan amili, hüquq və azadlıqların qorunması, sosial rifahın yüksəldilməsi və amnistiya kimi humanist addımlar xüsusi yer tutur. Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə dəstək, təhsil və səhiyyə sahəsində islahatlar, 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa işləri və əhalinin geri dönüşü məhz humanizm prinsiplərinə əsaslanır.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttini müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın müstəqilliyini möhkəmləndirən, ərazi bütövlüyünü bərpa edən və ölkənin beynəlxalq nüfuzunu artıran Prezident İlham Əliyev dövlət siyasətinin bariz nümunəsi, insan amilinə verilən dəyərin göstəricisi olaraq bir neçə dəfə geniş amnistiya elan edib. 2021-ci ildə Böyük Qələbəmizin ildönümü ərəfəsində elan edilən amnistiya aktı 17 mindən artıq insana şamil edildi, onların və doğmalarının sevincinə səbəb oldu. Bütövlükdə, Prezident İlham Əliyev tərəfindən 22 il ərzində 39 əfv sərəncamı, 5 amnistiya aktı qəbul edilib. Bu, bir daha sübut edir ki, Ulu Öndərin müəyyənləşdirdiyi xəttin davamı olaraq dövlət siyasətində insan faktoru hər zaman prioritet kimi götürülür. Ümumilikdə, 1995-ci ildən etibarən qəbul edilən amnistiya aktları 140 minə yaxın insana şamil edilib.
Tarixi kontekstdən yanaşsaq, 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs olmaqla yanaşı, həm də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlıdır. Bu, Azərbaycanın suverenliyinin bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə təmin olunması ilə əlaqələndirilir. Qərar humanizm və mərhəmət ənənələrinə sadiqlik, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyəti və insanların qanunlara əməl edəcəklərinə inam üzərində qurulub. Amnistiya qərarının şamil olunduğu kateqoriyalara baxdıqda bunu bir daha görmək mümkündür – Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, eləcə də cinayət törədərkən yetkinlik yaşına çatmayanlar.
Prezident İlham Əliyevin siyasətində humanizm prinsipləri nəzəri konsepsiya olmaqla kifayətlənmir, dövlət idarəçiliyinin praktik əsasını təşkil edir, yəni bu prinsiplər dövlət idarəçiliyinin canlı dayağıdır. Qətiyyətlə deyə bilərik ki, bu amnistiya qərarı dövlət idarəçiliyində humanizm prinsiplərinin tətbiqini gücləndirməklə yanaşı, azad edilən şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edəcək və bununla da dövlətin inkişafına mühüm töhfə verəcək.
Beləliklə, qəbul olunmuş amnistiya qərarı Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu addım yalnız hüquqi akt kimi deyil, həm də cəmiyyətin sosial inteqrasiyasına, milli həmrəyliyin möhkəmlənməsinə və insan amilinin dövlət siyasətində prioritet olmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələrinin müasir dövrün çağırışlarına uyğun davamı olaraq, ədalət, mərhəmət və tolerantlıq prinsiplərinin praktik təzahürüdür və dövlətçilik tarixində hər zaman mühüm mərhələ kimi qiymətləndiriləcək, gələcək nəsillərə örnək olacaq.
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Rəsul qızı Novruzova