Azərbaycan Texnologiya Universitetinin (ATU) tərəfdaş sənaye müəssisələrindən olan “ATS Food LLC” tələbələr üçün master-klas təşkil edib. Tədbir zamanı şirkətin nümayəndələri tələbələri real sektorla tanış edərək sənaye mühitində karyera imkanları və əmək bazarına inteqrasiya prosesləri barədə geniş məlumat veriblər.
Görüş zamanı ATS Food nümayəndələri tələbələrin 3-cü kursdan etibarən iş mühitinə cəlb olunması və mərhələli karyera planlaması barədə təqdimatla çıxış ediblər. Master-klas zamanı tələbələr sual-cavab sessiyasında fəal iştirak edərək real sektorla bağlı maraqlarını nümayiş etdiriblər. Tələbələrə şirkətdə təcrübə və inkişaf imkanları, sənayedə real iş mühitinin tələbləri, səriştə əsaslı yanaşmanın karyerada rolu, gələcək peşəkarlar üçün karyera və inkişaf strategiyaları, həmçinin regionların sosial-iqtisadi inkişafına töhfə mövzularında məlumat verilib.
Tədbirin təşkilində məqsəd tələbələrin sənaye ilə daha erkən tanış olması, peşəkar inkişafının sürətləndirilməsi və istehsalata mərhələli şəkildə inteqrasiyasının təmin edilməsidir.
Qeyd edək ki, ATU “ATS Food” ilə 2023-cü ilin oktyabrından əməkdaşlığa başlayıb. Bu müddət ərzində şirkət tələbələr üçün təqaüd ayırıb, müxtəlif layihələrə və müsabiqələrə dəstək göstərib, təlimlər təşkil edib. Həmçinin əməkdaşlıq bir sıra uğurlu layihələrin həyata keçirilməsinə şərait yaradıb və universitetlə şirkət arasında davamlı təcrübə imkanlarını möhkəmləndirib.