Azərbaycan Texnologiya Universiteti (ATU) Beynəlxalq Qida və Aqrar Biznes Forumunda iştirak edib. “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə keçirilən tədbirdə ATU-nu Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov və İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev tələbələrlə birlikdə təmsil ediblər.
Yerli və xarici iş adamlarını, dövlət qurumlarının nümayəndələrini, qida və kənd təsərrüfatı sahəsinin peşəkarlarını, fermerləri və investorları bir araya gətirən tədbir çərçivəsində baş tutan sərgidə ATU stendi də yer alıb. Stenddə universitetin elmi-tədqiqat məhsulları və tələbələrin bir sıra innovativ layihələri sərgilənib.
Türkiyə, Özbəkistan, Tacikistan, İsrail və digər ölkələrdən olan şirkətlərin təmsilçiləri də iştirak ediblər. Tədbir zamanı stendlərə baxış keçirilib, şirkətlər arasında əməkdaşlıq üzrə B2B görüşlər reallaşıb. Sonra forum panel müzakirələri ilə davam edib. Panellərdə “Kənd təsərrüfatı və qida sahələri üzrə inkişaf mərhələləri, innovativ texnoloji həllər və ərzaq təhlükəsizliyi”, “Aqrar və qida sektorları üzrə istehsal, PR və marketinq, idxal-ixrac imkanları və təcrübə mübadiləsi” kimi mövzular müzakirə olunub.