Azərbaycan Texnologiya Universitetində “Bakcell” nümayəndələrinin tələbələrlə görüşü keçirilib. Görüş çərçivəsində şirkətin əməkdaşları Yusif İbadlı və Nihad Hadıyev tələbələrə “Bakcell”in tələbə təcrübə proqramı, üstünlükləri və iştirak şərtləri barədə geniş məlumat veriblər. Qeyd olunub ki, proqram çərçivəsində tələbələr real iş mühitində çalışmaq, peşəkar komandadan bilik və bacarıqlar qazanmaq, gələcək karyera hədəflərinə uyğun olaraq şirkət daxilində inkişaf etmək imkanı əldə edirlər. Proqram həmçinin texnologiya, informasiya sistemləri, satış, müştəri xidmətləri və digər istiqamətlər üzrə gənclərin öz potensialını reallaşdırmasına şərait yaradır.

Bildirilib ki, hazırda ölkənin müxtəlif ali təhsil müəssisələrindən 50-dən çox tələbə “Bakcell” komandasına qoşularaq əmək fəaliyyətinə başlayıb. Bu isə tələbələr üçün real iş təcrübəsi qazanmaq və nəzəri bilikləri praktiki bacarıqlarla möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı şirkətin həyata keçirdiyi layihələr, gənclərə yönəlik inkişaf imkanları təqdim olunub, tələbələrin sualları cavablandırılıb.