Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov innovativ layihələrə xüsusi maraq göstərən, süni intellekt və yüksək texnologiyalar sahəsində çalışan tələbələrlə görüş keçirib. Görüşün əsas məqsədi tələbələrin yenilikçi ideyalarını dinləmək, onların elmi-texniki fəaliyyətinə dəstək vermək və ATU-da innovasiya mühitini daha da gücləndirmək olub.

Görüşdə müxtəlif fakültələrdə təhsil alan, lakin birləşdirici xətt olaraq rəqəmsal texnologiyalar, maşın öyrənməsi, robototexnika, ağıllı sistemlər və startap həlləri üzərində çalışan tələbə komandaları iştirak ediblər.

Görüşdə rektor əvvəlcə tələbələrlə tanış olub, daha sonra onların mövcud layihələrini, texnoloji yeniliklər və gələcək planlarla bağlı fikirlərini dinləyib. Rektor təqdim edilən ideyaları yüksək qiymətləndirərək bildirib ki, ATU-da innovativ düşüncə tərzinin dəstəklənməsi universitetin əsas prioritetlərindəndir. O, xüsusilə tələbələrin ərsəyə gətirdiyi “ATUCar” layihəsinin son günlər ictimai marağa səbəb olduğunu qeyd edərək tələbələrin süni intellekt və rəqəmsal texnologiyalar sahəsindəki fəallığını təqdir edib və belə təşəbbüslərə dəstəyin davam etdiriləcəyini vurğulayıb. Rektor həmçinin universitetin potensialının gənclərin ideyaları ilə daha da güclənəcəyini bildirib.

Görüşün sonunda tələbələrlə universitet–sənaye əməkdaşlığının tələbələr üçün yaratdığı imkanlar, yeni layihələrin qrant müsabiqələrinə çıxarılması və startap ekosistemi üçün texniki imkanların genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

ATU rəhbərliyi tələbələrin bu sahədə fəaliyyətini davamlı şəkildə dəstəkləyəcəyini və innovasiya yönümlü təhsil mühitinin genişləndirilməsi üçün ardıcıl addımlar atılacağını qeyd edib.