Azərbaycan Texnologiya Universitetində (ATU) tərəfdaş sənaye qurumlarından biri olan Gəncə Cihazqayırma Zavodu (GCZ) tərəfindən akademik heyət və tələbələr üçün master-klas təşkil edilib. Tədbir iştirakçıların nəzəri biliklərinin real istehsalat prosesləri ilə əlaqələndirilməsi və müasir cihazqayırma sahəsində baş verən yeniliklər barədə məlumatlandırılması məqsədi daşıyıb.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tələbələrinin və Maşın mühəndisliyi və logistika kafedrası əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə zavodun baş mühəndisin müavini Vasif Nəsibov “Nəzəri biliklərin praktiki vərdişə çevrilməsi” mövzusunda ətraflı təqdimatla çıxış edib. O, cihazqayırma sənayesinin hazırkı inkişaf tendensiyaları, istehsalat proseslərində tətbiq olunan müasir texnologiyalar, eləcə də mühəndislər üçün vacib olan peşə bacarıqları barədə məlumat verib. Vasif Nəsibov nəzəri hazırlığın praktik tətbiqə çevrilməsinin mühəndis peşəkarlığının formalaşmasında əsas mərhələlərdən olduğunu vurğulayaraq real istehsalat nümunələri üzərində izahlar aparıb. Tədbir auditoriya tərəfindən böyük maraqla qarşılanıb və görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, GCZ ilə ATU arasında cari tədris ilinin əvvəlində anlaşma memorandumu imzalanıb. Bir müddət sonra isə zavodda ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının filialı fəaliyyətə başlayıb. Bu filial tələbələrə istehsalat proseslərini yerində izləmək, real mühəndislik tapşırıqları üzərində işləmək və əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlar qazanmaq imkanı yaradır.