Azərbaycan Texnologiya Universitetində (ATU) Access Bank QSC-nin əməkdaşları tərəfindən tələbələrin maliyyə savadlılığının artırılması ilə bağlı seminar təşkil olunub.
Access Bank əməkdaşlarını auditoriyaya universitet-sənaye əlaqələri üzrə müşavir Rövşən Əliyev təqdim edib, bildirib ki, tədbirin məqsədi tələbələrin gələcək karyera inkişafına dəstək olmaq və bu sahə üzrə bilik və bacarıqların artırılmasına töhfə verməkdir.
Seminarda Access Bankın İnsan Kapitalı departamentinin Təhsil və İnkişaf şöbəsinin rəhbəri Xumar Hüseynova və Access Bankın Partnyorluq Şöbəsinin mütəxəssisi Asiman Adıgözəlova "Maliyyə savadlılığının karyeraya təsiri" mövzusunda çıxış ediblər.
Məruzəçilər maliyyə savadlılığının şəxsi inkişaf və karyera planlaşdırılmasında rolu, düzgün maliyyə qərarlarının qəbul edilməsi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən istifadənin əhəmiyyəti barədə məlumat veriblər. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.