Azərbaycan Texnologiya Universitetində (ATU) Göygöl Milli Parkının ustad dərsləri keçirilib. Ətraf mühitin mühafizəsi kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev ekologiya və ekologiya mühəndisliyi ixtisaslarının tələbələrinin, eləcə də Eko Klub üzvlərinin qarşısında “Göygöl və Kəlbəcərin vəhşi təbiəti” mövzusu ilə çıxış edib.
Mütəxəssis Göygöl Milli Parkının yaranması tarixi, ərazinin zəngin flora və faunası, parkın mühafizə rejimi, eləcə də nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması istiqamətində həyata keçirilən dövlət proqramları barədə geniş məlumat verib.
Tədbir ATU-nun Strateji İnkişaf Planına (SİP) uyğun olaraq tələbələri müvafiq sahə üzrə mütəxəssislərin praktiki təcrübəsi ilə tanış etmək və ekoloji maarifləndirmə işlərini gücləndirmək, eyni zamanda tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, regional təbii sərvətlər barədə biliklərin artırılması, universitet–qurum əməkdaşlığının genişləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan tədris mühitinin gücləndirilməsi məqsədilə təşkil edilib.