Azərbaycan Texnologiya Universitetində tələbələrin peşəkar inkişafının dəstəklənməsi məqsədilə növbəti təlimlər keçirilib. Strateji İnkişaf Planının (SİP) icrası çərçivəsində təşkil olunan bu təlimlər bu dəfə Avtomatika və informasiya texnologiyaları kafedrası və Xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutub.

Təlim proqramı tələbələrin həm dil bacarıqlarını, həm də informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və praktiki vərdişlərini artırmağa yönəlib. İngilis dili üzrə keçirilən sessiyalarda Xarici dillər kafedrasının əməkdaşları Turanə Məmmədova və Xəyalə Babayeva iştirakçılara müasir kommunikasiya metodları, akademik yazı qaydaları və danışıq bacarıqlarının inkişafı istiqamətində əhatəli məlumatlar verib.

İKT təlimləri isə Avtomatika və informasiya texnologiyaları kafedrasının əməkdaşları – Yalçın Nəsibov, Pərvin Abbasova, Zeynəb Həsənli və Ayşən Aslanovanın təqdimatları ilə baş tutub. Təlimçilər tələbələri rəqəmsal bacarıqlar, proqram təminatı ilə işləmə prinsipləri, innovativ texnologiyalardan istifadə və praktiki tətbiqlərlə tanış ediblər.

Universitetdə mütəmadi həyata keçirilən bu kimi təlimlər tələbələrin gələcək karyera hazırlığının gücləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılması və onların peşəkar inkişafına dəstək məqsədi daşıyır.