Azərbaycan Texnologiya Universitetində (ATU) 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov giriş sözü ilə çıxış edərək müstəqilliyin bərpası tarixinə nəzər salıb və bildirib ki, 18 Oktyabr Azərbaycan xalqının tarixində milli qürurun və dövlətçilik iradəsinin təntənəsi günüdür.
 
Tədbirdə ictimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Mehriban Tağıyeva “Azərbaycan dövlətçiliyində müstəqillik tarixi”, Zəminə Novruzova “Müstəqilliyin bərpası: Azərbaycanın yeni dövrü”, Rafiq Hüseynov “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətdir” başlıqlı məruzələrlə çıxış ediblər. Vurğulanıb ki, müstəqilliyin bərpası dövründə Ulu Öndər Heydər Əliyev ölkənin sabitliyinin və dövlətçiliyin qorunmasında həlledici rol oynayıb, milli həmrəyliyi təmin edərək Azərbaycan dövlətini güclü mövqeyə gətirib. Prezident İlham Əliyevin ardıcıl siyasəti isə ölkəmizi daha da möhkəmləndirib, müstəqilliyimizi qoruyaraq regionun lider dövlətinə çevirməyə nail olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər isə bu müstəqilliyin və dövlətçiliyin əbədiliyini bir daha təsdiqləyib.

Tədbir çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.