Azərbaycan Texnologiya Universiteti (ATU) Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının Baş Assambleyasında təmsil olunub. Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının 27-ci Baş Assambleyası Qazaxıstanın Atırau şəhərində keçirilib. Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov və elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov iştirak edib. Yaşar Ömərov regional tədbirin plenar hissəsində çıxış edib. Rektor çıxışında universitetin son illərdə elm və innovasiya istiqamətində əldə etdiyi nailiyyətlərdən, elmi-tədqiqat layihələrindən, sənaye əlaqələrindən və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsindən danışıb.
Qeyd edək ki, tədbirdə Qazaxıstan və Azərbaycanla yanaşı Rusiya, İran və Türkmənistanın aparıcı ali məktəblərinin rektorları, alim və ekspertlər iştirak ediblər.
Baş Assambleyada Xəzər ekosisteminin qorunması, regional tədqiqat layihələrinin hazırlanması, innovativ elmi həllərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi olub.
Forumda Xəzər regionunun davamlı inkişafına yönəlmiş birgə təşəbbüslər, həmçinin elm və təhsil sahələrində inteqrasiyanı gücləndirmək üçün nəzərdə tutulan yeni layihələr təqdim edilib.