Azərbaycan Texnologiya Universitetində (ATU) “AZGRANATA” şirkətinin dəstəyi ilə yeni mühazirə otağı – “AZGRANATA”  auditoriyası istifadəyə verilib.

Açılış mərasimində ATU-nun rektoru Yaşar Ömərov, “AZGRANATA” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və Nəqliyyat departamentinin müdiri Emin Abdullayev iştirak edib.

Rektor çıxışında universitet-sənaye əməkdaşlığı çərçivəsində sənaye müəssisəsinin dəstəyi ilə qurulan növbəti tədris otağının açılışının baş tutduğunu bildirərək universitetdə tədris prosesinin müasir tələblərə uyğun təşkilinin və sənaye müəssisələri ilə əməkdaşlığın təhsilin keyfiyyətinə mühüm təsir göstərdiyini vurğulayıb.

ATU-nun Qida mühəndisliyi fakültəsində yerləşən yeni auditoriya 80 tələbə yerlikdir və müasir tədris şəraiti ilə təmin olunub.
Burada tələbələr nəzəri biliklər əldə edəcək, istehsal proseslərinin elmi əsaslarını mənimsəyəcəklər. Eyni zamanda, auditoriyada tələbələr üçün “AZGRANATA” mütəxəssislərinin təlimləri təşkil olunacaq.