Azərbaycan Texnologiya Universitetində (ATU) gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə mütəmadi olaraq ustad dərsləri keçirilir. Növbəti tədbirdə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, v.m.i.e., dosent Şahid Quliyev çıxış edib.
Təlimdə Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tərkibində fəaliyyət göstərən Maşın mühəndisliyi və logistika, Kimya və metallurgiya mühəndisliyi, eləcə də Yüngül sənaye mühəndisliyi və dizayn kafedralarının gənc müəllimləri iştirak ediblər.
Dosent Ş. Quliyev “Tədrisdə interaktiv metodlardan istifadə” mövzusunda təqdimatla çıxış edərək, müasir pedaqoji yanaşmaların əhəmiyyəti, tələbələrin dərs prosesində aktiv iştiraka təşviq olunması, yaradıcı metodların tətbiqi və innovativ təlim texnologiyalarının rolu barədə ətraflı məlumat verib.
O, öz pedaqoji təcrübəsindən konkret nümunələr göstərərək gənc müəllimlərin üzləşə biləcəyi çətinliklər və onların həlli yolları ilə bağlı praktik məsləhətlərini də bölüşüb.
Tədbir interaktiv müzakirə formasında təşkil olunub, iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb və suallarına cavab alıblar.