Azərbaycan Texnologiya Universitetində (ATU) təcrübəli professorların iştirakı ilə gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə ustad dərsləri davam etdirilir. Bu dəfə tədbirə İqtisadiyyat kafedrasının müdiri, professor Natiq Cavadov rəhbərlik edib.
Təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin tabeliyində fəaliyyət göstərən İdarəetmə, İqtisadiyyat, Turizm sənayesinin təşkili, İctimai elmlər və multikulturalizm, həmçinin Xarici dillər kafedralarının gənc müəllimləri iştirak ediblər.
Professor “Tədrisdə interaktiv metodlardan istifadə” mövzusunda çıxış edərək müasir pedaqoji yanaşmaların əhəmiyyəti, tələbələrin dərs prosesinə fəal cəlb olunması və yaradıcı düşüncənin inkişaf etdirilməsi barədə ətraflı danışıb.
Ustad dərsi zamanı pedaqoq öz təcrübəsindən konkret nümunələr təqdim edib, gənc müəllimlərin rastlaşa biləcəyi çətinlikləri qeyd edərək onların həlli yollarını praktik məsləhətlərlə izah edib.
Tədbir interaktiv müzakirə şəklində təşkil olunub, müəllimlər fikir mübadiləsi apararaq suallarına cavab alıblar.