Azərbaycan Texnologiya Universitetində (ATU) təcrübəli professorların iştirakı ilə gənc müəllimlər üçün ustad dərsləri təşkil olunur. Bu çərçivədə İdarəetmə kafedrasının müdiri, professor Fizuli Məmmədov tərəfindən master-klass keçirilib.

Təlimlərdə İqtisadiyyat və idarəetmə fakültəsinin nəzdində fəaliyyət göstərən İdarəetmə, İqtisadiyyat, Turizm sənayesinin təşkili, İctimai elmlər və multikulturalizm, Xarici dillər kafedralarının gənc müəllimləri iştirak ediblər.

Professor Fizuli Məmmədov müasir təlim metodlarına uyğun olaraq “Yaradıcı düşüncə metodları” mövzusunda ustad dərsi təqdim edərək, yaradıcı yanaşmanın tədrisdə tətbiqi, tələbələrin motivasiyasının artırılması üsulları və innovativ pedaqoji metodlardan istifadənin əhəmiyyəti barədə geniş məlumat verib.

Ustad dərsi zamanı professor öz zəngin pedaqoji təcrübəsindən nümunələr paylaşaraq, gənc müəllimlərin üzləşə biləcəyi çətinliklər və onların həlli yolları barədə praktik tövsiyələrini də bölüşüb.

Təlim interaktiv müzakirə formatında təşkil olunub, iştirakçılar suallarını ünvanlayaraq fikir mübadiləsi aparıblar.