Azərbaycan Texnologiya Universitetində (ATU) beynəlmiləlləşmə siyasətinin uğurlu icrası nəticəsində universitet tarixində ilk dəfə olaraq təhsil alan əcnəbi tələbələrin sayı 100 nəfəri ötüb.

Hazırda ATU-da Pakistan, Hindistan, Nepal, Banqladeş, Türkiyə, Rusiya və Nigeriyadan olan 106 tələbə bakalavriat və magistratura səviyyələrində, eləcə də Hazırlıq qruplarında təhsil alır. Bu rəqəm universitetdə təhsil alan tələbələrin ümumi sayının 2,5 faizini təşkil edir.

Göstərici ATU-nun beynəlxalq nüfuzunun, müasir tədris imkanlarının tanınmasının, yüksək keyfiyyətli təhsil mühitinin və uğurlu beynəlxalq əməkdaşlıq strategiyasının bariz nümunəsidir.

ATU beynəlmiləlləşmə siyasətini strateji inkişaf planının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Qarşıdakı illərdə də universitet əcnəbi tələbələrin sayının artırılması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan ali təhsilinin dünyada tanıdılması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək.

Bu nailiyyət SDG 4 (Keyfiyyətli təhsil), SDG 10 (Bərabərsizliyin azaldılması) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə əlaqəlidir. Əcnəbi tələbələrin sayının artması universitetdə inklüziv və çoxtərəfli akademik mühitin formalaşdığını göstərir. Beynəlmiləlləşmə siyasətinin uğurlu icrası müxtəlif ölkələrdən olan gənclərin eyni təhsil məkanında bir araya gəlməsinə şərait yaradır. Bu isə həm ali təhsilin qlobal inteqrasiyasını, həm də mədəniyyətlərarası əməkdaşlığı gücləndirir.