Azərbaycan Texnologiya Universitetində (ATU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.
Tədbirdən öncə universitetin həyətində ATU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılmış abidə və II tədris korpusunda yerləşən şəhidlər guşəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Daha sonra fəxri qonaqlar və ATU kollektivi üçün “44 Gün, 44 An” adlı sənədli film nümayiş etdirilib. Təxminən 40 dəqiqə davam edən film iştirakçılara duyğulu anlar yaşadıb.
Ardınca Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, mübariz əsgər və zabitlərimizin igidliyindən, şəhidlərin misilsiz qəhrəmanlıqlarından, eləcə də ATU-nun Vətən Müharibəsində iştirak edən şəhid məzun və tələbələrindən bəhs edib.
Daha sonra 44 günlük Vətən Müharibəsi şəhidi Amal Əhmədovun və ATU tələbəsi Əsmər Əhmədovanın anası Mehriban Əhmədova, həmçinin universitetin şəhid məzunu Eldar Həsənlinin atası Müşviq Həsənli çıxış edərək övladlarının qəhrəmanlığı ilə qürur duyduqlarını, şəhidlərin xatirəsinin yaşadılmasının bütün ailələr üçün mənəvi dayaq olduğunu qeyd ediblər.
Tədbirdə həmçinin 44 günlük Vətən Müharibəsi zamanı mülki şəxslərə raket hücumu nəticəsində üç ailə üzvünü itirmiş tələbə Sənan Hacıyev, qazi tələbə Urfan İbrahimov çıxış edərək, o dövrün həm ağrılı, həm də qürurlu anlarından danışıblar.
Sonda tələbə Mələk Hacıyeva “Salam şəhid anası” şeirini səsləndirib.