Azərbaycan Texnologiya Universitetinin (ATU) Gəncə Cihazqayırma Zavodunda (GCZ) kafedra filialı fəaliyyətə başlayıb. Bu gün zavodda ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının filialının açılış mərasimi keçirilib.
Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov və GCZ-nin direktoru Ayət Bağırov iştirak edib, onlar açılış lentini kəsdikdən sonra kafedra filialında yaradılan şərait - tədris və praktik imkanlarla tanış olublar.
ATU və GCZ rəhbərliyi bildirib ki, tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrin istehsalat təcrübələri, elmi-tədqiqat işləri və gələcəkdə birgə layihələrin reallaşdırılması istiqamətində fəaliyyətlər davam etdiriləcək.
Yeni kafedra filialının açılmasında məqsəd tələbələrin nəzəri biliklərini istehsalat mühitində tətbiq etməsinə, praktiki bacarıqlarını inkişaf etdirməsinə və universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi təmin etməkdir.
Mərasimdən sonra nəqliyyat mühəndisliyi ixtisasının tələbələri “İxtisasa giriş” fənninin məşğələ dərsini artıq zavodun nəzdində fəaliyyətə başlayan Maşın mühəndisliyi və logistika kafedrasının filial otağında keçiriblər. Bu addım tələbələr üçün nəzəriyyənin istehsalatla sintezini təmin edən yeni imkanlar açır.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil), SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqəlidir. Kafedra filialının birbaşa istehsalat müəssisəsində fəaliyyət göstərməsi nəzəri biliklə praktiki təcrübənin səmərəli şəkildə inteqrasiyasına şərait yaradır. Tələbələrin dərs prosesinin real sənaye mühitində təşkili onların peşəkar kompetensiyalarını daha məqsədyönlü inkişaf etdirir. Bu model müasir ali təhsildə tətbiqyönümlü öyrənmənin uğurlu nümunəsi kimi çıxış edir.