Azərbaycan Texnologiya Universitetində (ATU) universitet-sənaye əməkdaşlığı çərçivəsində yenidən qurulmuş 2 tədris otağının açılışı olub.

Açılış çərçivəsində ATU-nun rektoru Yaşar Ömərov “Təmas” Regional İnkişaf İctimai Birliyinin rəhbəri Südabə Məmmədova və "BuildX" şirkətinin təsisçisi Məmmədağa Bayramovla birgə otaqlarda yaradılan şəraitlə tanış olub.

Rektor universitet-sənaye əlaqələrinin tələbələrin praktiki bilik və bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını, bu kimi dəstəyin əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına töhfə verəcəyini bildirib.

Müəssisə rəhbərləri öz növbəsində gələcək layihələrdə birgə fəaliyyətin davam etdiriləcəyini deyiblər.

Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində yerləşən bu otaqlardan biri – dizayn emalatxanası “Təmas” Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlib. Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının nəzdində yaradılan emalatxana tikiş üçün zəruri texnika və mebel avadanlıqları ilə tam təchiz edilib.

Digər tədris otağı isə ATU ilə "BuildX" şirkəti arasında imzalanmış anlaşma memorandumu əsasında ərsəyə gəlib. 15 nəfərlik bu auditoriyada dərslərin keçirilməsi üçün tam şərait yaradılıb.

Bu təşəbbüs SDG 8 (Layiqli iş və iqtisadi artım), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə əlaqəlidir. Dəstək əsasında yaradılan emalatxana və auditoriyalar tələbələrin praktiki bacarıqlarını inkişaf etdirmək üçün birbaşa imkan yaradır. İşəgötürənlərlə qurulan bu tip əməkdaşlıq tədrisin əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılmasına xidmət edir. Bu isə peşəkar və tətbiqyönümlü insan kapitalının hazırlanmasını gücləndirir.