Azərbaycan Texnologiya Universitetində (ATU) fakültələrdə keyfiyyət təminatı siyasətinə həsr olunmuş məlumatlandırma görüşləri təşkil olunub. Yüngül sənaye mühəndisliyi və logistika, Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, eləcə də İqtisadiyyat və idarəetmə fakültələrində baş tutan görüşlərdə fakültə heyəti ilə yanaşı, müvafiq kafedraların əməkdaşları da iştirak ediblər.
Görüşlərdə ATU-nun tədris və idarəetmə proseslərində keyfiyyətin yüksəldilməsi, beynəlxalq standartlara uyğun fəaliyyətin təmin olunması, eləcə də universitetin Keyfiyyət siyasəti barədə iştirakçılara ətraflı məlumat verilib, müvafiq sənəddə nəzərdə tutulan məsələlər müzakirə edilib. Qeyd olunub ki, keyfiyyət siyasətinin uğurlu tətbiqi yalnız mərkəzləşdirilmiş idarəetmə ilə deyil, həm də fakültə və kafedralarda çalışan hər bir əməkdaşın aktiv iştirakı ilə mümkündür.
Məlumatlandırma görüşlərinin keçirilməsində məqsəd universitet kollektivinin bütün üzvlərinin keyfiyyət təminatı prinsipləri barədə məlumatlılığını artırmaq, bu istiqamətdə birgə məsuliyyəti gücləndirmək və tədris prosesinin davamlı inkişafını dəstəkləməkdən ibarətdir.