Azərbaycan Texnologiya Universitetində (ATU) 2025/2026-cı tədris ili üzrə Elmi Şuranın ilk iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov və Tədrisin Təşkili və İdarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov yay imtahan sessiyasının təşkili və nəticələri, eləcə də Apellyasiya Komissiyasının hesabatına dair məruzə ilə çıxış ediblər. 

Daha sonra prorektor Sahil Həmidovun təqdimatı ilə Gənc Alimlər Şurasının Əsasnaməsi və tərkibi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun təqədimatı ilə  fənlərin pasportlaşdırılması, tədris-metodiki vəsaitlərin təsdiqi, Cəsarət Şabanovun təqdimatı ilə imtahanların keçirilməsi forması, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə texniki və bəzi inzibati vəzifələrdə yaş məhdudiyyətinin tətbiqi, diferensial əməkhaqqı sisteminin tətbiqi, ştat cədvəlində dəyişiklik, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun təqdimatı ilə tədris planlarının təsdiqi, magistr və bakalavrlar üçün yaddaş kitabçasının təsdiqi, magistr disertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları kimi məsələlər müzakirə edilərək Şura üzvləri tərəfindən müvafiq qərarlar verilib.                                                                            

İclas çərçivəsində Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri dos.Hamlet Kəsəmənli 80 illik yubileyi münasibətilə təltif edilib, Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşı təltif olunub, texnika üzrə fəlsəfə doktoru Mehriban Aslanovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə texnika elmləri elm sahəsinin 3309.01 – Qida məhsullarının texnologiyası ixtisası üzrə dosent elmi adının verilməsini təsdiq edən diplom təqdim edilib.