Azərbaycan Texnologiya Universiteti (ATU) əməkdaşları Dövlət İmtahan Mərkəzində (DİM) baş tutan ali təhsil müəssisələrinin sərgisində iştirak edir. Sayca II dəfədir təşkil edilən sərginin bu gün baş tutan açılış tədbirində ATU-nu İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev və əməkdaşı Aqşin Hüseynov təmsil edib. ATU stendində abituriyentlərə universitetdə aparılan kadr hazırlığı barədə geniş məlumat verilib, stendə yaxınlaşan ziyarətçilərin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların iştirakı ilə baş tutan sərgini ziyarət etmək üçün 3000-ə yaxın şəxs qeydiyyatdan keçib. Onların arasında abituriyentlərlə yanaşı, valideynlər, ekspertlər də var. 

1 avqust tarixinədək davam edəcək sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.