Azərbaycan Texnologiya Universiteti (ATU) ilə "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi ("GS1 Azerbaijan” İB) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum ATU-nun rektoru Yaşar Ömərovla "GS1 Azerbaijan” İB-nin Baş direktoru Vəfa Əliyev tərəfindən imzalanıb.

Sənəddə tələbələrin istehsalat təcrübələrinin, birgə konfrans, seminar və təlimlərin təşkili, ATU-da ixtisaslaşmış tədris laboratoriyasının yaradılması və s. məsələlər öz əksini tapır. 

Qeyd edək ki "GS1 Azerbaijan” İB ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə və fərdi sahibkarlara aid olan əmtəələrə ştrixkod nömrələrinin beynəlxalq standartlara uyğun paylanmasını və qaydalara riayət edilməsini təmin edən yeganə təşkilatdır. Belə əmtəə nömrələmə ştrixkod standartları beynəlxalq "GS1" (2005-ci ilədək "EAN-International" adlandırılan) təşkilatı tərəfindən hazırlanır və dəstəklənir.