Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsi Gəncə şəhəri və ətraf rayonların, o cümlədən kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün tanıtım kampaniyası təşkil edib. 

Kampaniya çərçivəsində fakültənin nəzdində fəaliyyət göstərən Qida mühəndisliyi və ekspertiza, Ətraf mühitin mühafizəsi kafedralarının əməkdaşları Gəncə şəhərinin 11, 14 və 15 saylı orta məktəblərində, eləcə də Goranboy, Şəmkir, Tovuz məktəblərində şagirdlər ilə görüşlər keçiriblər. 

Təqdimatlarda kafedra nümayəndələri tədris olunan ixtisaslar, qəbul imkanları, təcrübə proqramları, əmək bazarındakı perspektivlər, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimində dəstək ola biləcək çap materialları təqdim olunub, daha yaxından tanışlıq üçün valideynləri ilə birgə ATU-ya dəvət ediliblər.