Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi Gəncə şəhəri və ətraf rayonların, o cümlədən kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün tanıtım kampaniyası təşkil edib.
Kampaniya çərçivəsində fakültənin nəzdində fəaliyyət göstərən Yüngül sənaye mühəndisliyi və dizayn, Maşın mühəndisliyi və logistika, eləcə də Kimya və metallurgiya mühəndisliyi kafedralarının əməkdaşları Gəncə, Mingəçevir, Göyçay, Goranboy, Göygöl, Şəmkir, Tovuz kimi şəhər və rayonlarda, eləcə də kənd məktəblərində şagirdlər ilə görüşlər keçiriblər.
Təqdimatlarda kafedra nümayəndələri tədris olunan ixtisaslar, qəbul imkanları, təcrübə proqramları, əmək bazarındakı perspektivlər, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimində dəstək ola biləcək çap materialları təqdim olunub, daha yaxından tanışlıq üçün valideynləri ilə birgə ATU-ya dəvət ediliblər.