Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov, elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov və Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Ulduz” Şokolad Fabrikinə və “Xonça” Fabrikinə səfər ediblər. 

Səfər çərçivəsində müvafiq olaraq hər iki müəssisədə – “Ulduz” Şokolad Fabrikinin icraçı direktoru Kazım Babayev, eləcə də “Xonça” Fabrikinin rəhbəri Rəhman Ələkbərov ilə görüş keçirilib, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. 

Daha sonra ATU rəhbərliyi fabriklərin iş prinsipi, tətbiq olunan müasir texnologiyaları, kadr tələbatı ilə yaxından tanış olub, mütəxəssisləri ilə müzakirələr aparıblar.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən "Ulduz" Şokolad Fabriki nəinki Azərbaycanda, bütün Qafqazda ən böyük və ən çox istehsal gücünə sahib, tam avtomatlaşdırılmış şokolad fabriklərindən biridir. 9 fərqli texnologiyanın tətbiq olunduğu müəssisədə 300 nəfər işçi çalışır. “Ulduz” milli brendi 200-dən çox məhsul çeşidi ilə 20-dən çox ölkəyə ixrac olunur. 

2016-cı ildən əsası qoyulan “Xonça” fabriki isə şirniyyat və un məmulatlarının istehsalı, ketrinq xidmətləri üzrə fəaliyyət göstərir. Müəssisədə il ərzində 8 000 ton məhsul istehsal edilir. 800 iş yerinə malik bu fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti çalışır.