Azərbaycan Texnologiya Universitetinin İctimai Nəzarət Şurasının (İNŞ) növbəti iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Nəzarət Şurası üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda üzvlərdən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İB-nin Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova iştirak edib.

İNŞ üzvləri 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 

İclasda yaz imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda Şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.

Qeyd edək ki, ATU İctimai Nəzarət Şurası 2023-cü ildə yaradılıb və bu təşəbbüs Gəncə universitetləri arasında ilk dəfə məhz Azərbaycan Texnologiya Universitetində reallaşdırılıb.