Azərbaycan Texnologiya Universitetində (ATU) “Coca-Cola” şirkətinin baş sponsorluğu, “Nar” və Kapital Bankın dəstəyi ilə Məzun Günü tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edib. Y.Ömərov bu ilki Məzun Gününün universitetin 55 illiyinə təsadüf etdiyini və bu səbəbdən daha da əlamətdar olduğunu qeyd edib. Rektor bu il məzun olan 750-dən çox gəncin bundan sonra da layiqli vətəndaş olacağına, gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacağına əminlik ifadə edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Nar" şirkətinin Baş icraçı direktoru Qunnar Panke, valideyn Anar İbrahimov, əlaçı tələbə Aynur Nağıyeva, qazi məzun Babək Həsənov çıxış edərək tələbələri təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və nailiyyətlər arzulayıblar.
Tədbir ən yüksək göstəriciləri olan tələbələrin təltif olunması ilə davam edib. Məzunlara təşəkkürnamə və Kapital Bank, “Nar" şirkətləri tərəfindən hədiyyələr verilib.
Tədbirin bədii hissəsində məzun tələbələrin ifasında mahnı və rəqs nömrələri göstərilib.
Məzun Günü səsi ilə könülləri fəth edən xalq artisti İlqar Muradovun, müxtəlif musiqi qruplarının konsert proqramı ilə davam edib.
Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, bundan sonrakı həyatlarında böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək məzun papaqlarını səmaya atıblar.