Azərbaycan Texnologiya Universitetində (ATU) 2023–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı (SİP) çərçivəsində tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə silsilə təlimlər təşkil olunur.

Universitetin Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, Yüngül sənaye mühəndisliyi və logistika, həmçinin İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrini əhatə edən növbəti təlimlər rəqəmsal savadlılığın artırılmasına, tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə və müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə xidmət edib.

Təlimlər Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının əməkdaşları – Ababil Nağıyeva, Kənan Abdullayev və Ülvi Rəfizadə tərəfindən həyata keçirilib. Sessiyalar çərçivəsində tələbələrə "MS Office” proqramlarının funksional imkanları ilə işləmək bacarıqları və "Python" müasir proqramlaşdırma dillərinin əsasları öyrədilib.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil), SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə uyğunluq təşkil edir. Rəqəmsal savadlılıq və proqramlaşdırma bacarıqlarının inkişafı tələbələrin əmək bazarına hazırlıq səviyyəsini yüksəldir. Müasir texnologiyalar üzrə praktik biliklərin verilməsi onların peşəkar uyğunlaşma imkanlarını genişləndirir. Bu isə innovasiya yönümlü insan kapitalının formalaşmasına mühüm töhfə verir.